Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) terrorçu Mihrac Uralın Soçi konqresində iştirak etməsi ilə bağlı Rusiyadan izahat istəyib.
Baki-xeber.com xəbər verir ki, Türkiyə Xalq Qurtuluş Partiyasının (THKP-C) lideri Mihrac Ural gözlənilmədən Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresinin iştirakçıları arasında görülüb.
Türkiyəni təmsil edən nümayəndə heyəti isə bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə müraciət edib. Nümayəndə heyəti əvvəlcədən Türkiyəyə təqdim edilən dəvətlilər siyahısında adı olmayan Mihracın Konqresinə iştirakını narazılıqla qarşılayıb və Rusiyadan izah istəyiblər. Rusiya tərəfi isə məsələnin araşdırılacağını və bununla bağlı açıqlama veriləcəyini bildirib.
Qeyd edək ki, 2013-cü ildə Hatay/Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş terrorçu Mihrac Ural, bir neçə dəfə öldürüdüyünə dair xəbərlərin yayılmasına baxmayaraq, gözlənilmədən Soçidə peyda olub.