Suriya Şam rəhbərliyiylə İran arasında keçirilən görüşün Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə hazırlıq xarakteri daşıdığı deyilsə də, görüş zamanı Türkiyənin "Zeytun budağı" əməliyyatı da geniş müzakirə olunub.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd Şamda İranın xarici işlər nazirinin müavini Hüseyn Ənsarini qəbul edib. Bəşər Əsədin sözçüsünün mətbuata verdiyi açıqlamaya görə, görüşdə Ankaranın Afrində apardığı antiterror əməliyyatı ilhaq olaraq dəyərləndirilib. ''Türkiyənin Suriya torpaqlarına istiqamətli ilhaq cəhdi təhdidləri davam edir. Türkiyənin məqsədinə çatmaması üçün tədbirlər görülməlidiir. Türkiyə terrorçu qruplara verdiyi dəstəklə Suriya sülh prosesini iflasa uğradır” – deyə açıqlamada bildirilir.
Xatırladaq ki, Ankara Suriya ilə sərhədlərinin təhlükəsizliyi məqsədilə yanvarın 20-də Afrində terrorçu PYD/YPG və İŞİD qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyata başlayıb. Bu günə kimi əməliyyat nəticəsində bölgədə 484 terrorçunun məhv edildiyi xəbər verilir.