Türkiyə Baş Qərargahı “Zeytun budağı” əməliyyatında son durumla bağlı açıqlama yayıb.
Baki-xeber.com-un Anadolu agentliyindən aldığı xəbərə görə, açıqlamada yanvarın 28-nə kimi neytrallaşdırılan PKK/YPG/PYD və İŞİD üzvlərinin sayı 484-ə çatıb.
Açıqlamada bildirilir ki, əməliyyatın əsas hədəfi terrorçular və onlara aid sığınacaqlar, atəş nöqtələri, hərbi texnika və silah anbarlarıdır. “Ötən gecə PKK/YPG/PYD və İŞİD obyektlərinə endirilən zərbələr nəticəsində 37 terrorçu, eyni zamanda onların sığınacaqları, atəş nöqtələri və silah anbarları məhv edilib. Əməliyyatı keçirən 7 döyüş təyyarəsi sağ-salamat bazaya qayıdıb. “Zeytun budağı” əməliyyatı plan üzrə davam edir”- açıqlamada deyilir.
Xatırladaq ki, Türkiyənin sərhədlərinin təhlükəsizliyinə qarşı yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatı davam edir. Bu günlərdə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan antiterror əməliyyatlarının Afrinlə yekunlaşmayacağını, qaçan terrorçuların ardınca İdlibə qədər gedilə biləcəyini açıqlayıb.