Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni miqrantlar deportasiya edilməyə başlayıb. Baki-xeber.com xəbər verir ki, prezident Donald Trampın vəzifəyə gəlişi ilə ölkə gündəmində böyük mübahisələrə səbəb olan qeyri-qanuni miqrantların deportasiyası Çikaqo şəhərinin təxminən 50 kilometr məsafəsindəki Qari Hava Limanında kiçik bir qrupun etirazına baxmayaraq başlayıb.
Deportasiya əməliyyatı məxfilik şəraitində həyata keçirilib.
İndiananın şimalında yaxalanan onlarla qeyri-qanuni miqrant da World Atlantik Hava Yollarına məxsus təyyarəyə mindirilərək ölkədən çıxarılıb.
Burada diqqət çəkən məqam isə, polis maşınlarının müşayiəti ilə şüşələri boyalı iki mikroavtobusla hava limanına aparılan qeyri-qanuni miqrantların əlləri və ayaqlarına zəncir vurulması olub. Həmin miqrantlar arasında qadınlar da olub.
Deportasiyaya hava limanına gedən kiçik bir qrup etiraz aksiyası keçirib. Üzərində "Ədalət yoxdursa, sülh də yoxdur" və "Qaçqınlar olmasaydı, Trampın xanımı da olmazdı" yazılmış plakatlar daşıyan etirazçılar "Ədalət istəyirik, indi istəyirik" və "Qaçqınlara azadlıq" şüarları səsləndiriblər.