Hər şeyi dümdüz edib keçsək, "Zeytun budağı" əməliyyatı bir neçə günə bitər. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Hakim Ədalət və İnkişaf Partiyasının vilayət rəhbərlərinin geniş iclasında çıxış edən R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Afrini işğal etmək niyyəti yoxdur: "Əgər biz tanklarımızla, toplarımızla, təyyarələrimizlə, helikopterlərimizlə qarşımıza çıxan hər şeyi dümdüz edib keçsək, bu əməliyyat bir neçə günə bitər. Amma biz ən azı öz əsgərlərimizin əmin-amanlığı qədər qarşımızdakı güclərin qalxan kimi istifadə etməkdən çəkinmədiyi günahsız mülki şəxslərin təhlükəsizliyini də nəzərə alırıq. Çünki biz Afrini işgal etməyə getmirik".
Dövlət başçısı vurğulayıb ki, Türkiyə problemin həlli üçün çox səy göstərdi: "Amma heç birini anlamadılar. Artıq bıçaq sümüyə dirəndi. Gözlənilən gün gəlib çatdı".
Ərdoğan bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Mənbic şəhərində də əməliyyat keçirəcək. Hazırda Mənbic şəhəri PYD və YPG terror təşkilatlarının nəzarəti altındadır.
Türkiyə Silahlı Qüvvələrindəki mənbə bundan əvvəl Trend-ə bildirmişdi ki, Türkiyə Suriyanın şimalında Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər. Mənbə qeyd edib ki, Mənbic terrorçuların dislokasiya mərkəzidir: "Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir".
O əlavə edib ki, Afrində görülən tədbirlər "Zeytun budağı" əməliyyatı ilə məhdudlaşmayacaq.
Qeyd edək ki, ötən gün "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.