Yanvarın əvvəlindən havanın kəskin soyuması Qırğızıstan paytaxtında 15 nəfərin həyatına son qoyub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” Bişkek daxili işlər orqanlarının açıqlamasına istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, çərşənbə günü FHN yanvarın 26-dan başlayaraq bütün ölkə ərazisində kəskin soyuqların düşəcəyi ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda respublikanın ayrı-ayrı rayonlarında temperaturun hətta 45 dərəcəyə düşəcəyi bildirilir. Artıq məktəblərdə dərslər dayandırılıb və FHN fövqəladə iş rejiminə keçib. Sinoptiklər Arktika tsiklonunun respublika ərazisində təsirinin yanvarın sonuna kimi davam edəcəyini proqnozlaşdırır.
Xəbərdə o da qeyd olunur ki, hüquq-mühafizə orqanları küçələrdə insanların donmasının qarşısını almaq məqsədilə müntəzəm reydlər keçirir. Artıq belə reydlər nəticəsində 85 nəfər ölümün pəncəsindən alınaraq xüsusi sığınacağa yerləşdirilib.