Türkiyənin Afrin əməliyyatına görə, Almaniya hökuməti Türkiyə ordusunun sərəncamında olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı razılaşmanı dondurub. Baki-xeber.com xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.
Jurnal, Almaniyanın ümumiyyətlə Türkiyəyə silah ixracını da dondurduğunu yazır. Almaniya xarici işlər naziri Ziqmar Qabriel jurnala açıqlamasında, Türkiyənin Afrin əməliyyatından narahat olduqlarını deyib.
Məlumata görə, Angela Merkel və xarici işlər naziri Z.Qabriel keçirdikləri görüşdə məsələni müzakirə ediblər. Onlar bu məsələni yeni qurulacaq hökumətə həvalə etməyi qərara alıblar.
Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu isə bildirib ki, "Leopard” tankları ilə bağlı komissiyanın iclası keçiriləcəkdi, ancaq bu iclas təxirə salınıb: “Burada dayandırma, ya da dondurmaqdan söhbət getmir".
Bundan əvvəl Almaniyada istehsal olunan “Leopard” tanklarının YPG terrorçularına qarşı əməliyyatda istifadə edilməsi ilə bağlı xəbərlərin ardınca, bəzi almaniyalı deputatlar hökuməti Türkiyəyə silah ixrac etməməyə səsləyiblər. Almaniyada tankların təkmilləşdirilməsilə bağlı sövdələşmə əleyhinə siyasi spektrin həm sağ həm də sol cinahı çıxış edir. Onlar istəyir ki, hökumət Türkiyənin Suriyadakı son əməliyyatına dair öz mövqeyinə aydınlıq gətirsin. Almaniya parlamentində kansler Merkelin Xristian Demokrat Partiyasını təmsil edən xarici işlər komitəsinin sədri də tankların təkmilləşdirilməsi proqramına qarşıdır.
Qeyd edək ki, Almaniya “Leopard-2”lərin təkmilləşdirilməsi ilə bağlı tankları istehsal edən “Rheinmetall” şirkətinin müraciətini təmin etməyə hazırlaşırdı. Təkmilləşdirmə Türkiyənin istifadə etdiyi tanklarda partlayıcılara dayanaqlığın artırılmasını nəzərdə tutur.