Türkiyənin Suriya ərazisində PYD/YPG-İŞİD-ə qarşı başlatdığı “Zeytun budağı” əməliyyatının beşinci günündə 8 nəfərdən ibarət terrorçu diversiya qrupu məhv edilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb. Xəbərə görə, yanvarın 24-də Afrinin Şeyx Horoz rayonunda təxribatçılar Türkiyə Ordusunun arxa cəbhəsinə keçmək və onlara arxadan zərbə vurmaq istəyərkən Türk hərbçilərinin sayıqlığı ilə qarşılaşıb. Çıxan atışmada təxribatçı qrup tamamilə məhv edilib.
Xatırladaq ki, Türkiyə Suriya ərazisində “Zeytun budağı” əməliyyatına yanvarın 20-də saat 17:00-da başlayıb. Türkiyənin sərhədlərinin təhlükəsizliyi məqsədilə başlatdığı bu əməliyyat BMT TŞ-nın qətnamələrinə uyğun hesab olunur və özünümüdafiə sayılır.
Onu da qeyd edək ki, hazırda döyüşlərin getdiyi Afrin şəhərini Əsəd rejimi 2012-ci ildə PKK/YPG-yə təslim edib. O zamandan Afrin terrorçuların ən fəal olduğu mərkəzə çevrilib. Eyni zamanda Afrin dağları onların sığınacaq kimi istifadəsi üçün yararlı olduğundan, terrorçular burada yerləşərək rahat şəkildə yaxınlığdakı Kilis şəhərini və Türkiyənin Hatay bölgəsinin böyük bir hissəsini vaxtaşırı atəşə tutmaqla qorxu altında saxlayıb. Amanos (Nur) dağ silsiləsindən isə Türkiyə ərazisinə terrorçuların keçirilməsi üçün istifdə olunub.