“Türkiyə Suriyanın Afrin bölgəsində əməliyyatlarla kifayətlənməyəcək”. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan bildirib ki, Türkiyə "çirkli oyunlar"ın qarşısını almaq və Suriya sərhədi boyunca bütün əraziləri terrorçulardan təmizləmək niyyətindədir: "Zeytun budağı" əməliyyatına başlamaqla biz müxtəlif qüvvələrin oyunlarının qarşısını aldıq. Münbicdən başlayaraq biz bütün sərhədlərimiz boyunca bölgəni terrorçulardan təmizləyib təhlükəsizliyimizi təmin edəcəyik".
ABŞ-ın Türkiyənin hədəfində olan Afrin bölgəsində hərbi qüvvəsi yoxdur, ancaq şərqdəki Münbicdə var. Bu vəziyyət Türkiyə və ABŞ-ın qarşı-qarşıya gəlməsi ehtimalını artırır.
Amerikalı rəsmilər də Ərdoğanın terror təşkilatı YPG-dən ibarət və ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Güclərini (SDG) Münbicdən çıxarma planının Vaşinqton üçün ciddi məsələ olduğunu deyir. "Münbic koalisiya tərəfindən qurtarıldı. Türkiyə oraya yönəlsə, buraya baxışımız dəyişər" – deyə adının açıqlanmasını istəməyən amerikalı rəsmilərdən biri bildirib. Başqa bir ABŞ rəsmisi isə, "Bu, bölgədə narahatlıq doğuran bir vəziyyət yarada bilər, hadisələri yaxından izləyirik" deyib.
Münbic şəhərində və ətrafında Amerika əsgərləri olduğu üçün buraya qarşı hər hansı bir hərbi əməliyyat ABŞ-da ciddi narahatlıq doğuracaq. Bu əsgərlər ABŞ-ın dəstəklədiyi kürd yaraqlıları qorumaq üçün mart ayında bura yerləşdirilib.
Ekspert Gönül Tol isə Ərdoğanı Münbic əməliyyatı fikrindən daşındırmağın çox çətin olacağını deyir: "Münbic ABŞ üçün çox böyük əhəmiyyət daşıyır. ABŞ Türkiyə ilə aralarındakı gərginliyi yumşaltmaq üçün əlindən gələn hər şeyi edəcək. Amma bunun üçün necə bir səbəb tapacaqlar, bilmirəm. Çox diqqətli olmaq məcburiyyətindədirlər".
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin 72 təyyarəsi cəlb olunub.
TAHİR