"Türkiyə Suriyanın Münbic bölgəsini, o cümlədən bütün sərhəd boyu zonalarını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyəcək". APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib.
O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın Türkiyəni aldatdığını deyib: “Biz Obama dövründə “Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq “Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı. “Zeytunluq” hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı, biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Anaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar”.
R. T. Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: “Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur. Biz terrorçuların kökünü o torpaqlardan qazıyacağıq. Afrində əməliyyat terrorçuların kökü kəsilənədək davam edəcək".
“Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək” – deyən Ərdoğan onların qaytarılacağı yeri də açıqlayıb (Trend). Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".
Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir".
Türkiyə mətbuatına hərbi mənbə bildirib ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatında yerli istehsallı raket, vertolyot və digər silah və texnikalardan istifadə edir.
Mənbə deyib ki, Suriyanın Afrin şəhərində YPG və PYD terror təşkilatlarının hədəf və mövqelərinin məhv edilməsi üçün yerli istehsallı lazer tuşlama sistemli CIRIT raketlərindən istifadə olunur. Bu raketlər isə yerli istehsallı ATAK vertolyotlarına quraşdırılıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.