Türkiyədə terrorun təbliğatı ilə məşğul olduğuna görə 91 nəfər gözaltına alınıb, onlardan 3 nəfəri artıq həbs olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Anadolu Agentliyi xəbər yayıb. Xəbərə görə, bu məqsdlə xüsusi əməliyyat Türkiyənin İzmir, Van, Mərsin və Muş şəhərlərində keçirilib. Həbs olunanlar arasında HDP-lilərin də olduğu deyilən xəbərdə partiyanın sədr müavini Nadir Yıldırımın da həbsinə order verildiyi bildirilir.
“Cumhuriyet” qəzeti isə son iki gündə 5 jurnalistin saxlandığını xəbər verir. Xəbərə görə, onlar arasında Almaniyanın “Die Tageszeitung” qəzetinin layihəsi olan taz.gazete alman-türk informasiya portalının əməkdaşları Hayri Demir və Sibel Hurtaş da var. Həbsə əsas kimi onların yazdığı materiallar götürülüb ki, bu materiallar arasında HDP həmsədri ilə geniş müsahibə də var. Onlar bu materialları Tvitter səhifələrində də yayıb. Ankara onları bununla YPG-yə dəstək nümayişində ittiham edir.
“Frans-Press” Agentliyi hazırda tvitterdə terroru təbliğ etdiyinə görə İstanbul prokurorluğunda 57 nəfər barəsində cinayət işi açıldığını yazır.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Zeytun budağı” əməliyatında sona qədər gedəcəyini və Türkiyənin “bir addım da geri çəkilməyəcəyini” bildirib.