Pentaqon Suriyanın şimal-şərqindəki PKK/YPG silahlılarının Türkiyənin əməliyyat keçirdiyi Afrinə doğru hərəkət edəcəkləri halda ABŞ-ın dəstəyindən məhrum olacaqlarını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Anadolu agentliyinə Pentaqon sözçüsü mayor Adrian Rankin Qallovey açıqlama verib.
Bundan əvvəl, Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatından sonra, Suriyanın şimalında toplaşan YPG yaraqlılarının Afrindəki terrorçulara dəstək vermək üçün bölgəyə göndərildiyinə dair xəbərlər yayılıb.
Bununla bağlı xəbərlərə münasibət bildirən Pentaqon sözçüsü, ABŞ-ın Demokratik Suriya Gücləri (DSG) ilə əlaqəsinin əmr və nəzarət formasında olmadığına görə, bununla bağlı bir söz deyə bilməyəcəyini ifadə edib: "Biz İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən qüvvələrə təlim, məsləhət və dəstək veririk. Ancaq onlara əmrləri biz vermirik. Əgər İŞİD-lə əlaqəsi olmayan hər hansı bir hərbi əməliyyat keçirərlərsə koalisiyanın dəstəyini itirərlər".
"Buradakı YPG birliklərindən biri, “artıq İŞİD-lə mübarizə aparmayacağıq. Afrindəki qardaşlarımızı dəstəkləməyə gedəcəyik” desə, artıq o zaman öz başlarına qalarlar. Onlar bizim tərəfdaşlarımız ola bilməzlər" – deyə o bildirib.
Qallovey, İŞİD-lə döyüşmək üçün verilmiş silahlardan başqa məqsədlərlə istifadə edildiyi halda, yardımların kəsilməsi də daxil, ABŞ-ın buna qarşı addım atacağını deyib.