Vaşinqton Türkiyə ilə Afrində apardığı “Zeytun budağı” əməliyyatı və ümumən Suriyadakı hazırkı vəziyyətdən çıxış yollarının aranması üzrə müzakirələrə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Anadolu Agentliyinə Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Hellouey bildirib. O deyib ki, “Vaşinqton Ankaradan olan müttəfiqlərilə Suriyadakı vəziyyətdən çıxış yollarını müzakirə edir”. Lakin Pentaqon rəsmisi daha detallı informasiya verməkdən imtina edib. Yalnız onu deyib ki, “söhbət böhranın hökumət səviyyəsində çözümündən gedir”. Böhran sözünü isə o, Afrində baş verənlər və Türkiyənin öz təhlükəsizliyi ilə bağlı narahatlığı ilə izah edib.
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Reks Tillerson Vaşinqtonun Ankara ilə “vəziyyəti stabilləşdirmək və Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına son qoymağın yollarını aramaq, vəziyyəti anlamaq” məqsədilə danışıqlar apardığını bildirib.