“Zeytun budağı” əməliyyatının üçüncü günündə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ÖSO) şərqdə Azez bölgəsindən Afrinə doğru irəliləməyə başlayıb. Baki-xeber.com xəbər verir ki, qısa müddətdə PYD/YPG silahlılarının Türkiyənin Kilis şəhərini atəşə tutduğu Burseya strateji yüksəkliyi ələ keçirilib. Hazırda Burseya dağının ətrafında toqquşmalar davam edir.
YPG terrorçularından alınan kəndlərin sayı da 13-ə çatıb.
Məlumatlara görə, Türkiyə ordusu və Azad Suriya Ordusunun döyüşçüləri tərəfindən hər tərəfdən sıxışdırılan YPG terror təşkilatı, ABŞ-dan dəstək istəyib, Rusiyanı isə xəyanətdə ittiham edib. YPG sözçüsü Rusiyanın Afrin hava sahəsini türk döyüş təyyarələrinə açmaqla onlara xəyanət(?) etdiyini deyib.
Rusiyanı xəyanətdə ittiham edən YPG ABŞ-ın liderlik etdiyi anti-İŞİD koalisiyasından dəstək istəyib. ABŞ-ın dəstəklədiyi, daha çox kürd terrorçulardan ibarət olan Suriya Demokratrik Qüvvələri (SDQ) isə Afrinə necə dəstək göndərə biləcəklərini araşdırdıqlarını deyib.
Başqa bir məlumata görə, PYD/PKK terrorçuları Afrində saxladığı İŞİD əsirlərini Türkiyə və Azad Suriya Ordusuna qarşı döyüşmək şərti ilə azadlığa buraxıb.
Bu arada, Türkiyə Xarici İşlər Nazirliyindəki, bir mənbə, terror təşkilatlarına qarşı əməliyyatın Afrinlə məhdudlaşacağına dair Rusiyaya söz verildiyi iddialarını təkzib edib: "Rusiya ilə ümumi bir anlayış var, alış-veriş yoxdur".
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar isə “Zeytun Budağı” əməliyyatının bölgədə son terrorçu məhv edilənədək davam edəcəyini deyib. Baş Qərargah rəisi həyata keçirilən əməliyyatın beynəlxalq hüquq normalarına uyğun aparıldığını qeyd edib. H.Akar həmçinin Suriyanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb.