İngiltərə XİN başçısı: "Türkiyə haqlıdır" Peskov: "Suriya və Türkiyə ilə təmasdayıq" İran XİN-in sözçüsü: “Türkiyənin əməliyyatını diqqətlə izləyirik”
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriya müxalifət ordusunun dəstəyi ilə Afrin şəhərinin şərq hissəsinə hücuma başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir.
Türkiyə ordusunun hazırda PYD və YPG terror qruplaşmaları ilə döyüş vəziyyətində olduğu deyilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Afrində davam edən “Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədi daşıyır.
R.T.Ərdoğan vurğulayıb ki, Suriyanın parçalanması nə Türkiyə, nə İraq, nə də İranın maraqlarına cavab verir: “Türkiyəyə Suriya əraziləri lazım deyil, amma Ankara Suriyanın şimalında təhlükəsizliyi təmin etməyə məcburdur”.
İngiltərənin xarici işlər naziri Boris Conson Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Conson özünün "Twitter” səhifəsində hadisələri yaxılndan izlədiklərini yazıb.
“Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməkdə haqlıdır. Biz Suriyada zorakılığı azaltmaq və daha da önəmlisi, Əsəd rejimini bitirəcək siyasi prosesə diqqəti cəmləşdirmək məsələsində Türkiyə ilə ortaq hədəflərə sahibik", - deyə B. Conson bildirib.
"Rusiya Türkiyənin Afrindəki hərbi əməliyyatını diqqətdə saxlayır. Moskva Suriya və Türkiyə nümayəndələri ilə təmasdadır". Bunu isə Kremlin sözçüsü Dmitri Peskov deyib. O, əvvəlki kimi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını əsas hesab etdiklərini söyləyib: "Sözsüz ki, Afrin rayonunda baş verənlərlə əlaqədar humanitar vəziyyəti də diqqətlə izləyirik".
D. Peskov Moskvanın Türkiyə Hərbi Qüvvələrinin əməliyyatı ilə bağlı əvvəlcədən xəbərdar olunması haqda suala isə cavab verməyib.
“İran Türkiyə ilə davamlı əlaqə saxlayır və məsləhətləşmələr aparır”. Bunu isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Suriyada Afrin əməliyyatına başlaması və İranın mövqeyi ilə bağlı suala cavabında bildirib.
Sözçü deyib ki, artıq Türkiyənin Afrinlə bağlı atdığı addım haqqında rəsmi mövqe bildirilib: “Suriyadakı proseslər bizim üçün önəmlidir. Diqqətlə baş verənləri izləyirik və düşünürük ki, Astana prosesi çərçivəsində danışıqlarımızı davam etdirmək üçün bu durum tez bir zamanda dayandırılmalıdır. Ona görə ki, prosesin bu tempdə davam etməsi mümkündür ki, terrorçuların geri qayıtmasına şərait yaratsın. Bu, Suriya və qonşularının xeyrinə deyil”.
B. Qasimi Almaniyanın “Der Spiegel” dərgisinin İrana qarşı Almaniya, Britaniya və Fransa tərəfindən yeni sanksiyaların tətbiqi barədə dərc olunan yazıya da münasibətini açıqlayıb: “Bu, mətbuatda yayılmış bir məsələdir və biz Almaniyadan belə bir siqnal almamışıq. Əlaqələrimiz inkişaf etdirilir. Ümid edirik ki, aparılmış və aparılacaq müzakirələr nəticəsində əlaqələrin inkişafı yüksələn temp üzrə davam edəcək. Hazırkı şəraitdə bu kimi məsələləri ciddi qəbul etmək lazım deyil. Ayıqlıq və sayıqlıqla davranmaq lazımdır”.
B. Qasimi “Airbus” və “Boeing” şirkətlərinin İranın sifariş etdiyi təyyarələri gecikdirməsinə toxunaraq deyib ki, “Boeing” şirkəti və Donald Tramp arasında olan məsələ ABŞ-ın daxili məsələsidir: “ABŞ hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını icra etmək öhdəliyi götürüb və İrana qeyri-hərbi təyyarələrin satışını asanlaşdırmağa borcludur”.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Əməliyyat çərçivəsində Türkiyə ordusunun quru qoşunları Suriyanın Afrin şəhərində bir neçə yaşayış məntəqəsini terrorçulardan təmizləyib.