ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyənin Suriyanın Afrin bölgəsində YPG/PYD və İŞİD terror təşkilatlarına qarşı başlatdığə “Zeytun budağı” adlı əməliyyata münasibət bildirib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Türkiyəni “açıq sözlü” adlandıran Mettis deyib ki, Ankaranın öz sərhədlərinin təhlükəsizliyilə bağlı ciddi narahatlıqları vardı və sərhəd bölgəsində əməliyyat keçirəcəyilə bağlı ABŞ-ı öncədən xəbərdar etmişdi. Bununla da Mettis hər kəsin ABŞ-ın baş verənlərə sərt təpki verəcəyini düşündüyü bir vaxtda hadisələrə normal baxdıqlarını göstərib.
Türkiyəni NATO-da Vaşinqtonun “ən önəmli müttəfiqlərindən biri” adlandıran Mettis onu da deyib ki, ABŞ-ın Suriyadakı hərbçiləri tam təhlükəsiz bölgəyə dislokasiya olunub və baş verənlərə qarışılmır.
ABŞ XİN-in sözçüsü Heather Nauert də CNN-ə eksklüziv açıqlamasında Türkiyənin öz təhlükəsizliyini qorumaq hüququnun olduğunu bildirib və Vaşinqtonun Afrin əməliyyatını anlayışla qarşıladığını deyib.
Xatırladaq ki, ABŞ-ın Suriyadakı YPG/PYD qruplaşmalarına iri partiyada silah göndərməsi barədə xəbərlərin ardından Türkiyə bu örgütlərə qarşı günişmiqyaslı əməliyyata başlayıb. “Zeytun budağı” adlandırılan əməliyyata 72 döyüş təyyarəsi cəlb olunub. Gələn xəbərlərdə Türk ordusunun artıq sərhəddən içərilərə doğru 7 kilometr irəliləyərək silahlı qruplaşmaların çox sayda atəş nöqtələrini sıradan çıxardığı, silah anbarlarını partlatdığı bildirilir.
Anadolu Agentliyinin xəbərinə görə, Afrin 2012-ci ildə Əsəd rejimi tərəfindən döyüşsüz terrorçulara təslim edilib. Bundan sonra PYD/YPG terrorçularının bölgədə aktiv fəaliyyəti başlayıb. Afrin dağları isə onlar üçün əsl əlverişli sığınacaq yeri olub. Terrorçular məhz bu dağdakı sığınacaqlarından mütəmadi olaraq Kilisi və Hatayın böyük bir hissəsini atəşə tutub. Amanos adlanan dağlıq ərazidən isə terrorçular Türkiyə ərazisinə keçmək üçün istifadə ediblər.
Xəbərə görə, terrorçuların burada sığınacaq tapması təkcə Türkiyə əyalətləri üçün deyil, Suriyanın terrorçulardan təmizlənmiş əraziləri üçün də təhdid deməkdir.
Onu da qeyd edək ki, əməliyyatın adı təsadüfi seçilməyib. Belə ki, zeytun budağı barış və dostluq rəmzi sayıldığından, Ankara bununla keçirilən əməliyyatda heç bir başqa məqsədinin olmadığı, hədəfinin sərhədlərinin təhlükəsizliyini qorumaq olduğu mesajını verir.