Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PKK/PYD-YPG və İŞİD terrorçularına qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı davam edir.
Baki-xeber.com xəbər verir ki, əməliyyat dünən Türkiyənin hərbi təyyarələrinin bölgəni bombalaması ilə başlayıb. Eyni saatlarda Azad Suriya Ordusu birlikləri də Afrinə doğru irəliləməyə başlayıb.
Son məlumatlara görə, bölgədə Azad Suriya Ordusu ilə, YPG terrorçuları arasında şiddətli döyüşlər başlayıb. Mare ətrafında Azezdən Afrinə doğru irəliləyən müxaliflərlə YPG-lilər arasında qarşıdurma yaranıb. Məlumatlara görə, ən azı üç YPG terrorçusu müxaliflərə təslim olub. Anadolu agentliyi bildirir ki, terror təşkilatının zorla silahlandırdığı uşaqlar da müxaliflərə sığınmağa başlayıb.
Türkiyə Silahlı Qüvvələri 72 F-16 təyyarəsi ilə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub. Bombardmanlar nəticəsində yüzlərlə terrorçunun məhv edildiyi bildirilir.
Başqa bir məlumata görə, terrorçular bölgədən qaçan mülki əhalinin qarşısını almaq üçün Əsəd rejimi ilə sövdələşməyə gedib. Belə ki, rejim PKK/PYD-nin istəyi ilə Hələbə axının qarşısını almaq üçün yolları bağlayıb. PYD terrorçuları mülki əhalidən canlı qalxan kimi istifadə edir. Bundan başqa, YPG bombardmanlarda öldürülən terrorçuları da mülki əhali kimi təqdim etməyə cəhd edir.