Rusiya XİN ABŞ-ın Moskvadakı səfirliyini ölkədə siyasi sabitsizliyin yaradılması üçün gizli şəkildə müxalifəti maliyyələşdirməkdə ittiham edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya XİN-in İctimai əlaqələr departamentinin yanvarın 18-də Nazirliyin saytına yerləşdirdiyi açıqlamada deyilir. Xəbərə görə, açıqlamada ABŞ tərəfi “bu praktikaya son qoymağa, ləyaqətli davranış sərgiləməyə, həmçinin məsuliyyətli dövlətlərarası ünsiyyətin bərpasına” çağırılır.
Eyni zamanda Rusiya XİN yaydığı açıqlamada Amerika hökumətini Rusiyanın ABŞ-dakı səfirliyinin maliyyə hesabları barədə informasiya yayanları cəzalandırmağa çağırır. “Yanvarın 17-də ozünü yeni xəbər portalı adlandıran, gerçəkdə isə Amerika xüsusi xidmətinin əlində alət olan “Bazzfid” informasiya resursunun Rusiyanın ABŞ-dakı dipkorpuslari və onların keçmiş və hazırkı əməkdaşlarının transaksiyaları barəsində yeni məlumatlar dərc etməsi təəssüf doğurur”- deyilən açıqlamada eyni zamanda qeyd olunur ki, belə məlumatlar ölkə rəhbərliyinin razılığı olmadan dərc edilə bilməz.
Rusiya XİN bu məlumatların yayılmasını cinayət kimi qəbul etdiyini vurğulayır və məsul şəxslərin cəzalandırılmasını tələb edir.