Tehran, ABŞ-ın İran məhkəmə sisteminin rəhbəri ayətullah Sadeq Amoli-Laricaniyə qarşı sanksiyalar tətbiq etməsinə sərt reaksiya verib. Baki-xeber.com xəbər verir ki, Tehran Laricaniyə qarşı sanksiya elan etməklə ABŞ-ın "qırmızı xətti"i aşdığını deyib.
İranın Xarici İşlər Nazirliyi bununla bağlı ABŞ-a cavab veriləcəyini bildirsə də, hansı addımları alacağı ilə bağlı təfərrüatlara varmayıb.
Tehran bildirir ki, 6 qüdrətli dövlətlə imzaladığı nüvə sazişin yenidən nəzərdən keçirilməsinə yol verməyəcək.
2015-ci ildə əldə olunmuş nüvə sövdələşməsinin qəti əleyhdarı olan ABŞ prezident Donald Tramp sanksiyaların ləğvinin uzadılmasına sonuncu dəfə razılıq verdiyini bildirib. Eyni zamanda ABŞ İranda insan hüquqlarının pozulması ilə bağlı 14 qurum və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib. Onlardan biri İranın məhkəmə sisteminin rəhbəri ayətullah Sadeq Amoli-Laricanidir.
İranın Xarici İşlər Nazirliyi bildirir ki, "Tramp rejiminin (Laricaniyə qarşı) sərt addımı" beynəlxalq aləmdə qəbul olunmuş "qırmızı xətti aşır" və beynəlxalq normalara ziddir.
Ağ Ev uranın zənginləşdirilməsi üzrə İran proqramına müddətsiz qadağanın tətbiqini görmək istəyir. Hazırkı razılaşmaya görə bu məhdudiyyətlər 2025-ci ildə sona çatır. Donald Trump həmçinin İranın raket proqramının da nəzarət altına alınmasının tərəfdarıdır.
2015-ci ildə imzalanmış beynəlxalq sazişə əsasən İran beynəlxalq sanksiyaların qismən ləğvi müqabilində öz nüvə proqramını dondurmalıdır.
Prezident Donald Tramp uzun müddətdir ki, sazişin tənqidçisidir və öz seçki kampaniyasının gedişatında onu ləğv edəcəyini bildirirdi.