ABŞ prezidenti Donald Tramp İrana sanksiyalar tətbiq olunması qərarının 120 gün ertələnməsinə qərar verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi özünün mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, Tramp İranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmanın şərtlərinə daha 120 gün əməl olunması barədə qərar qəbul edib. Xəbərə görə, Tramp bu qərarı milli təhlükəsizlik üzrə komandasının üzvləri, o cümlədən milli təhlükəsizlik müşaviri Herbert Makmaster, Pentaqon rəhbəri Ceyms Mettis və dövlət katibi Reks Tillersonla müzakirələrin ardından qəbul edib. Lakin agentliyə danışan mənbənin sözlərinə görə, Trampın qərarı yekunda Ağ Evə və Konqresə İranla bağlı yeni məhdudlaşdırıcı tədbirlər planı işləyib hazırlamaq üçün vaxt verməlidir.
Xatırladaq ki, prezident postunu tutduğu ilk gündən Tramp 2015-ci ildə beynəlxalq vasitəçilərin iştirakı ilə İranla onun nüvə proqramı üzrə əldə olunmuş razılaşmaya mənfi münasibət bəsləyərək, onu Obama administrasiyası dövründə bağlanmış “ən pis saziş” adlandırıb. Bundan əlavə, o, Tehranı terroru maliyyələşdirməkdə və Yaxın Şərqdə sabitsizliyin yaranmasında əli olmaqda ittiham edərək ona qarşı birtərəfli sanksiyalar tətbiq edib.