Səudiyyə Ərəbistanı hökuməti korrupsiya əməllərində şübhəli bilinən, aralarında kral ailəsinə mənsub şahzadələrin, nazirlərin və digər yüksək çinli məmurların olduğu şəxsləri saxlandıqları “Ritz Carlton” otelindən Ər-Riyadın cənubundakı xüsusi təhlükəli məhbusların yerləşdiyi Əl-Hair həbsxanasına köçürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Londonda mənzillənən “Əl-Ərəbi Əl-Cədid” nəşri xəbər yayıb. Nəşrin mənbələrinin verdiyi məlumata görə, həbsxanaya köçürülən 60-a yaxın məhbus arasında şahzadə-milyarder əl-Valid bin Təlyal (hazırki kral Salman bin Əbdüləziz əl-Saudun qardaşı oğlu), şahzadə Turki bin Abdulla (keçmiş kral Əbdül Əziz Əl-Saudun oğlu) kimi ən yüksək səviyyəli şəxslər var ki, onlar dövlətlə məhkəməyəqədərki tənzimləməyə getməkdən imtina edib. Səudiyyə prokurorluğunda deyiblər ki, hakimiyyətlə sövdələşməyə getməyən hər kəs məhkəmə qarşısında duracaq.
Hələlik xəbərlə bağlı Ər-Riyaddan təsdiq və ya təkzib bildirilməyib.
Xəbərdə deyilir ki, 1983-cü ildə inşa olunan Əl-Hair həbsxanasında əsasən terrorizm və ekstremizmdə suçlu bilinənlər cəza çəkir və indiyə kimi burada kral ailəsinin ən qatı düşmənləri yerləşdirilib.