Rusiya hərbi qüvvələri Suriyanın şimal-qərbi Əl-Laziqiyyə şəhərinin yaxınlığında yerləşən Xmeymim aviabazasına dron hücumunun qarşısnı alıb. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidəsi (SİHM) təşkilatı məlumat yayıb.
Məlumata görə, şənbə günü baş vermiş hücumun qarşısı dronların vurulması ilə alınıb.
Təşkilat aviabazanın ərazisinə hücumun cihadçı qruplaşma tərəfindən gəldiyini deyib. Hücum nəticəsində yaralılar və ya xəsarət barədə hələ ki, məlumat yoxdur.
Rusiyanın “Lenta” xəbər saytı bildirib ki, hücumda istifadə edilən dronlar sadə olub. Dronlar taxta gövdə və bir mühərrikdən ibarət olub, üstündə minalar yerləşdirilib.
Rusiya hələ ki, xəbərləri rəsmən təsdiqləməyib.
Bundan bir neçə gün əvvəl, dekabrın 31-i, Xmeymim aviabazasına mərmi hücumu nəticəsində iki Rusiya hərbçisi həlak olub. Hücumdan sonra, hərbi jurnalist Roman Saponkov sosial mediada Xmeymim avaiabazasında mərmidən zədələnmiş qırıcıların şəkillərini paylaşıb. O, şəkilləri anonim mənbədən aldığını deyib.
Rusiya Müdafiə Nazirliyi 31 dekabrdaki hücumu təsdiqləyərək iki hərbçinin öldüyünü bildirib. Lakin nazirlik hərbi təyyarələrin istifadəsiz hala gətirilməsinə dair məlumatları təkzib edib. Rusiya hücum edənləri "islamçı ekstremist" kimi təsvir edib.
Dənizkənarı Xmeymim aviabazası Rusiyanın Suriyadaki hərbi müdaxiləsinin əsas mərkəzidir.
Rusiya prezidenti Vladimir Putin ötən ay Xmeymim aviabazasını ziyarət edərək Rusiya hərbi qüvvələrinin əksər qisminin Suriyadan çıxacağını bəyan edib.
Beynəlxalq insan haqları təşkilatları və yerli fəallar Rusiyanı aviazərbələrlə çox sayda dinc əhalini öldürməkdə təqsirləndirir. Moskva bu iddiaları təkzib edir və yalnız "terrorçuları" hədəfə aldığında israr edir.
Rusiya hərbi qüvvələri aviabazada təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirir. Aviabazada uzaqvuran havadan müdafiə sistemləri olsa da, qıyamçı qüvvələrin bazanı mərmilərlə hədəfə alması, onların kifayət qədər yaxınlaşmağa qadir olduğunu göstərir.