İran hökuməti aşağı siniflərdə ingilis dili fənninin tədrisinin proqramdam çıxarılmasına qərar verib.
Baki-xeber.com-un xəbərinə görə, qərar İranın dini lideri Əli Xamneyinin müvafiq bəyanatından sonra qəbul edilib. Xəbərə görə, Xamneyi deyib ki, erkən yaşda dil öyrənmə uşaqları “Qərbin mədəni hücumuna” məruz qoyur.
“Deutsche Welle” isə yazır ki, İslam Respublikasının Ali təhsil üzrə dövlət komitəsinin rəhbəri Mehdi Navid-Əhdəm ingilis dilinin dövlət və özəl təhsil ocaqlarında tədrisinin “norma və qanunlara qarşı” olduğunu bildirib.
Xatırladaq ki, Əli Xamneyi daha öncə də “mədəni hücum” haqqında danışmışdı. Hələ 2016-cı ildə o, ingilis dilinin “hətta bağçalara da soxulmasından” narazılığını dilə gətirmişdi. Son qərarın ardından müəllimlərə müraciətində isə o deyib ki, bugünkü təşəbbüs xarici dil öyrənilməsinə deyil, “uşaq və yeniyetmələr arasında Qərb mədəniyyətinin təbliğinə” qarşı qaldırılıb.
Xəbərdə o da bildirilir ki, sözügedən qərar İranda baş verən son olaylarla əlaqəli deyil, lakin etirazların davam etdiyi günlərdə Xamneyi bu hərəkatın “İranın düşmənləri tərəfindən xaricdən idarə olunduğunu” bildirmişdi.
İranda dekabrın 28-də Məşhəddə başlayan etiraz dalğası çox keçmədən bir çox iri şəhərlərə yayıldı. Bir həftə davam edən etirazlar 23 nəfərin ölümü, 500-ə yaxın fəalın həbsə alınması ilə yatırıldı.