İran hökumətinin keçmiş prezident Əhmədinejatı gözaltına aldığı xəbəri yayılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Britaniyada nəşr edilən “Al-Quds al-Arabi” qəzetinə Tehrandakı “etibarlı mənbələri” məlumat verib.
Həbsin nə zaman gerçəkləşdiyi açıqlanmır. Yalnız o qeyd edilir ki, sabiq prezident Şirazda gözaltına alınıb. Rusiyanın RBK kanalı isə bildirib ki, həbslə bağlı orderi İranın Ali dini lideri Əli Xamneyi Əhmədinejatın Buşəhrdə etirazçılar qarşısında çıxışının ardından verib.
“Al-Quds al-Arabi” nəşri onu da yazır ki, Əhmədinejat çıxışında “bir sıra hazırkı İran məmurlarının sadə insanların problemlərindən kənarda yaşadığını, ictimaiyyətin real vəziyyəti barədə təsəvvürünün olmadığını” bildirib. O deyib ki, İran bu gün “iqtisadi resursların yoxluğundan deyil, pis idarəetmədən” əziyyət çəkir. Əhmədinejat deyib ki, Ruhani hökumətinin üzvləri özlərini dövlətin sahibi sayır, sadə insanları isə heç bir şey anlamayan cəhil cəmiyyət zənn edir.
Hələlik İran rəhbərliyindən Əhmədinejatın həbsi nə təsdiq, nə də təkzib olunur. Lakin sabiq prezidentin vəkili Adil Heydəri onun etirazçılar qarşısında çıxışını və həbs xəbərini qəti şəkildə rədd edib. TASS-ın xəbərinə görə, bu barədə o, “Erem news” portalına danışıb. Heydəri deyib ki, ərəb mətbuatında Mahmud Əhmədinejatın həbsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.