İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanı “və onun əbədi müttəfiqi İŞİD”in İranda ABŞ prezidentinin başçılığı ilə törədilən zorakılıq, ölüm və dağıntı hadisələrini alqışladığını deyib.
Baki-xeber.com-un İRNA-ya istinadən xəbərinə görə, bu barədə o, cümə günü özünün tvitter hesabında yazıb. Səudiyyə Ərəbistanı ilə İŞİD terrorçu qruplaşmasının “əbədi dostluğu”na diqqət çəkən Zərif “nədənsə, bundan təəccüblənmədik” sözlərilə fikrini tamamlayıb.
Xatırladaq ki, dekabrın 28-dən iranın Məşhəd şəhərindən başlayaraq az müddətdə bir çox şəhərə yayılan etiraz aksiyalarında 23 nəfər həlak olub, 500 nəfərdən çox fəal gözaltına alınıb. Olaylarla bağlı açıqlamasında İran prezidenti Həsən Ruhani etirazların siyasi deyil, iqtisadi əsasları olduğunu deyib. Lakin baş verənlərin ABŞ prezidenti və vitse-prezidenti tərəfindən açıq tekstlə dəstəklənməsi siyasi səbəbləri istisna etmir. Bunun ardınca isə İran BMT Baş katibinə məktub ünvanlayaraq, Vaşinqtonun İranın daxili işlərinə qarışmasına etiraz etməsini istəyib.