Ağ Evin köhnə baş strateqi Stiv Bennonun Tramp əleyhinə ifadələrinin yer aldığı “Qəzəb və Hirs” adlı kitabı bazara çıxdığı gün satılıb qurtarıb.
Baki-xeber.com-un xəbərinə görə, Michael Wolff tərəfindən qələmə alınan kitab Amazon online satış xidmətinin kitab hissəsində 1 nömrəyə yerləşdirilib. Eyni zamanda kitab paytaxt Washington və New York kimi şəhərlərdəki kitab mağazalarında dəqiqələr içində satılıb.
Amerikan ictimaiyyətində ciddi müzakirələrə səbəb olan kitab Trampın sabiq baş strateqi Stiv Bennonun prezidentin böyük oğlunu Rusiya istintaqı üzrə günahlandırdığı bir hissənin mediada əks olunması ilə gündəmi dəyişdirib. Ardından kitabla əlaqədar New York jurnalında çap edilən bir reportajda Tramp haqqında ortaya atılan iddialar Washington kulislərini və Ağ Evi qarışdırıb.
Kitabda ən çox müzakirələrə səbəb olan hissələrdən birində Wolff Trampa yaxın şəxslərin ifadələrinə istinadən "Trampın prezident olmağı əslində istəmədiyini və seçilməyi gözləmədiyini" iddia edir.
Kitabda daha bir maraqlı məqam Trampın Ağ Evə yerləşdikdən sonra zəhərləndirilməkdən qorxması ilə bağlıdır. Müəllif yazır ki, Tramp Ağ Evə yerləşdikdən sonra otağına iki yeni kamera quraşdırtdırıb, yeməyi isə uzun müddət “McDonalds”dan sifariş edib.
Baş verənlərə Twitter hesabında münasibət bildirən Tramp isə kitabı və müəllifi belə xarakterizə edib:"Saxta kitabın yazarının Ağ Evə girməsinə heç icazə vermədim. Kitabla əlaqədar özü ilə də heç danışmadım. Yalanlar, yanlış izahatlar və olmayan qaynaqlarla dolu bir kitab"...