ABŞ İran rejimini dəstəklədiyinə görə, Rusiyanı açıq təhdid edib. Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Herbert Raymond Makmaster Rusiyanın bir həftədir etiraz aksiyalarının davam etdiyi İranda hakimiyyəti dəstəkləməsinin "bir cəzası olacağını" deyib.
Müşavir, İran və Şimali Koreyanın nüvə proqramlarının ABŞ və Rusiyanın maraqlarına zidd olduğunu deyib. Makmaster bildirib ki, Moskvanın Ukrayna üzərindəki hərbi təzyiqləri və Qərbdəki seçkilərə müdaxilə iddiaları ABŞ-Rusiya əlaqələrinin pozulmasına yönəlib.
"Rusiyanın son vaxtlar müşahidə edilən davranışları, ABŞ və Avropa dövlətlərinin maraqları ilə toqquşacağını göstərir. İrana dəstək vermək Rusiyanın hansı işinə fayda verə bilər? Rusiya İranı dəstəkləməyə davam edərsə, bunun cəzasını ağır ödəyəcək" – deyə o bildirib.
Qeyd edək ki, keçən həftə İranda sosial tələblərlə başlayan və sonradan hökumət əleyhinə kütləvi etirazlara çevrilən aksiyalar hələ də davam edir. Aksiyalarda indiyə qədər ən az 22 nəfər ölüb.
Rusiya və İran 2015-ci ildə, ortaq müttəfiqləri Suriya prezidenti Bəşər Əsədi dəstəkləmək üçün əlaqələrini daha da gücləndiriblər.