ABŞ Pakistana bütün təhlükəsizlik yardımlarını dayandırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert açıqlama verib.
“Bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində”- deyən Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır.
“Pakistan "Hakkan" şəbəkəsi və "Taliban"a qarşı ciddi mübarizəyə başlayana qədər bizdən yardım ala bilməyəcək. Pakistan daha çox qətiyyətli hərəkətlər etməlidir və terrorçular üçün təhlükəsiz bölgə yaratmamalıdır... Pakistanla əlaqələrimizi bərpa edəcəyimizə ümid edirik" - deya Nauert vurğulayıb.
Nauert nə qədər yardımın kəsiləcəyini açıqlamayıb: "Rəqəm üzərində hələ işləyirik".
Bundan başqa, ABŞ Dövlət Departamenti dini azadlıqların pozulmasına görə, Pakistanı "xüsusi monitorinq siyahısına" salıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün bundan əvvəl “Twitter” səhifəsində Pakistan haqda status paylaşıb: “Onlar liderlərimizin axmaq olduğunu düşünərək bizə yalan və hiylədən başqa heç nə vermədilər. Əfqanıstanda izinə düşdüyümüz terrorçulara təhlükəsiz zona verirlər”.
Pakistanın xarici işlər naziri Xoca Məhəmməd Asıf isə Trampın açıqlamalarına sərt reaksiya verib. Nazir terrorla mübarizədə Pakistanın ABŞ-a verdiyi dəstəyə görə çox böyük itkilərlə qarşılaşdığını deyib: “Cənab Tramp bizdən “Siz terrorla mübarizədə nə etdiniz?” deyə soruşur. İndi mən cavab verirəm. Sizə hərbi bazamızı verdik. Əfqanıstandakı əsgərlərinizin silah-sursat təminatı bizim torpaqlarımızdan keçib. Minlərlə sivil vətəndaşımız və hərbçimiz sizin başlatdığınız müharibənin qurbanı olub. Tarix bizə Amerikaya kor-koranə etibar etməməyi öyrətdi. Apardığımız mübarizə sizi qane etməyə bilər, amma bundan sonra ölkəmizin etibarı ilə alver etməyəcəyik”.