İran XİN rəhbəri Məhəmmd Cavad Zərif ABŞ prezidenti Donald Trampı ölkəsi və xalqı ilə bağlı ikiüzlü siyasət yürütməkdə ittiham edib.
Baki-xeber.com-un İRNA-ya istinadən xəbərinə görə, bu barədə o, özünün Twitter hesabında yazıb. “Tramp İran xalqına qəribə tərzdə “hörmət” nümayiş etdirir: onları terrorçu millət adlandırmaqdan və ABŞ ərazisinə girişini yasaqlamaqdan tutmuş, Fars körfəzinin adına qədər. Ən böyük “hörməti” isə bu xalqı dinc nüvə fəaliyyətindən əldə edəcəyi iqtisadi gəlirlərdən məhrum etməklə göstərdi”- Zərif yazır.
İranın BMT-dəki missiyasının rəhbəri Qulaməli Xoşrou isə ABŞ-ın bu günlərdə İslam Respublikasının daxili işlərinə qarışmaq cəhdini tənqid edib. ABŞ-ın ölkəsinə münasibətdə “beynəlxalq hüququn bütün normalarını pozmaq təcrübəsi”nin olduğunu deyən Zərif qeyd edib ki, Vaşinqton digər ölkələrin daxili işlərinə qarışmaq istədikdə “sərhəd tanımır”. Onun sözlərinə görə, bu istiqamətdə ən böyük cəhd isə son günlər İranın bir sıra şəhərlərində baş qaldıran etiraz aksiyalarına dəstək istiqamətində olub. “ABŞ Dövlət Departamenti o həddə gəlib çatıb ki, Vaşinqtonun İranda etirazçıları ayağa qaldırmaqda və onları hökuməti dəyişməyə təhrik etməkdə maraqlı olduğunu, hətta Facebook və Twitter üzərindən ölkənin daxili işlərinə qarışdığını etiraf edib”- Xoşrou yazır.
“Bütün demokratik ölkələr kimi” İranın da öz hüquq və təhlükəsizliyini qorumaq haqqı olduğunu yazan Qulaməli Xoşrou BMT üzv-dövlətlərini ABŞ-ın bu təşkilatın Nizamnaməsini pozan hərəkətlərinə biganə qalmamağa çağırıb.