İran ölkədə davam edən etiraz aksiyaları ilə bağlı daxili işlərinə qarışmaqda ittiham etdiyi ABŞ haqqında Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib. Baki-xeber.com xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşrou BMT baş katibi António Guterres və BMT Təhlükəsizlik Şurasına məktub göndərib.
Məktubda ABŞ İranın daxili işlərinə qarışmaqda və zorakılığı təşviq etməkdə ittiham olunur. Qeyd edilir ki, ABŞ hökuməti etirazçılara dəstək vermək bəhanəsi ilə mənasız bir şəkildə İranın daxili işlərinə müdaxiləsini artırıb: “ABŞ prezidenti (Donald Tramp) və vitse-prezidenti (Mayk Pens) sosial şəbəkələrdəki tvitlərində iranlıları təxribatçı hərəkətlərə təhrik edir”.
ABŞ-ı beynəlxalq hüququn prinsiplərini pozmaqda günahlandıran İran rəsmisi Tramp administrasiyasının İranla bağlı açıqlamalarını pisləməyə çağırıb.
Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb. ABŞ prezidenti D. Tramp dəfələrdə “Twitter” sosial şəbəkəsindəki səhifəsində aksiyaçılara dəstəyini ifadə edib.