Ermənistanda işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib.
M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.
Vitse-spiker onu da vurğulayıb ki, bu məsələnin həll olunmasında problemlər mövcuddur və ölkədəki hazırkı sosial-iqtisadi vəziyyət Ermənistanda mənfi nəticələrə gətirib çıxara bilər.
“Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır”. Bunu isə Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan deyib.
Onun sözlərinə görə, ölkədə ərzaq məhsullarının qiymətləri yüksək sürətlə artmaqda davam edir: “Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bütün bunlar nəyə gətirib çıxaracaq, məlum deyil”.
Deputat əlavə edib ki, Ermənistanda emiqrasiya faciəvi həddə çatıb, yoxsulluq və işsizlik səviyyəsi isə durmadan artır.