İran İslam Respublikasında ötən ilin son günlərində iqtisadi problemlərlə əlaqədar rejimə qarşı başlayan nümayişlıərin altıncı günündə ölü sayı 23-ə çatıb.
Baki-xeber.com-un NTV-yə istinadən xəbərinə görə, polislə qarşıdurma nəticəsində artan ölü sayı ilə paralel olaraq saxlananların da sayında artım qeydə alınıb. Xəbərə görə, tutulanların sayı artıq 500-ü keçib. İranın dini lideri Əli Xamneyi nümayişlərdən sonra ilk dəfə bəyanat verərək, "Düşmənlərimiz üsyan çıxardı. Pul, silah və agent kimi müxtəlif vasitələrdən istifadə edirlər"- sözlərini işlədib. Baş verənlərin İslam Respublikasını çətin vəziyyətdə qoymaq məqsədi daşıdığını deyən dini lider "zamanı gəldiyi zaman" son hadisələr haqqında ictimaiyyətə məlumat verəcəyini deyib.
İran dövlət televiziyası isə bir çox şəhərdə silahlı nümayişçilərin ictimai binalara atəş açdığını xəbər verib. “Asriran” nəşri isə nümayişlərdə İsfahan əyalətinə bağlı Kehderican mahalının icra nümayəndəliyinə hücumda nümayişçilərdən 5 nəfərin öldürüldüyü yazıb. İranın İsfahan əyalətinə bağlı Nəcəf Abad şəhərində isə rejim əleyhdarı nümayişçilərin polisə atəş açması nəticəsində 1 polis ölüb, 3-ü yaralanıb.
İran prezidenti Həsən Ruhani Məşhəddən başlayaraq bütün ölkəyə yayılmış nümayişlərdə xarici gücləri günahlandırıb. O, "marginal qrupların qanunlara zidd hərəkət etməsinə qarşı, lazım gəlsə, 80 milyonluq İran xalqının önümüzdəki günlərdə küçələrə çıxaraq etiraz edəcəyini" deyib.
Xatırladaq ki, ölkənin iqtisadi vəziyyətinə etiraz olaraq İranın Məşhəd şəhərindən başlayan nümayişlər ölkə daxilində yayılmağa davam edir. Hazırda nümayişçilərdən 23 nəfərin öldüyü, 500 nəfərin saxlandığı xəbər verilir.