Bir neçə gün əvvəl prezidentliyə namizədliyini açıqlayan Rusiya dövlət başçısı Vladimir Putinə rəqib qadın namizədlərin siyahısına yeni biri əlavə olunub. Baki-xeber.com xəbər verir ki, bu dağıstanlı Ayna Qamzatovadır.
Dağıstan baş müftisinin həyat yoldaşı və ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi, jurnalist Ayna Qamzatova Rusiya prezidentliyinə namizədliyini irəli sürüb. Sənədlərini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edən Ayna Qamzatova həm də Rusiyada prezidentliyə ilk müsəlman qadın namizəddir. 46 yaşlı Qamzatovanın namizədliyi Rusiyanın Dağıstan Respublikasında təşəbbüskar qrup tərəfindən irəli sürülüb və seçkilərə müstəqil namizəd kimi qatılıb.
Rusiyada ilk qadın müsəlman prezidentliyə namizəd olan Qamzatova hələ seçki proqramını açıqlamayıb. Ancaq indidən Rusiyadakı müsəlmanlar və aralarında “Əl-Cəzirə”nin də olduğu Almaniya, İran, İndoneziya, Bosniya Herseqovina və digər ölkələrin medi qurumlarından dəstək almağa başlayıb.
Bundan əvvəl Rusiyanın məşhur adamlarından olan, St. Peterburqun ilk bələdiyyə sədri Anatoli Sobçakın qızı Kseniya Sobçak və jurnalist, hüquq müdafiəçisi Yekaterina Qordon da seçkilərdə iştirak edəcəklərini açıqlayıb.
Rusiyada prezident seçkiləri 2018-ci ilin mart ayında keçiriləcək.