İranın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Twitter səhifəsindəki mesajına cavab verib. Baki-xeber.com xəbər verir ki, İran XİN sözçüsü Bəhram Qasimi Trampa öz ölkəsində “ac və evsizləri” görməyi tövsiyə edib.
“Başqa ölkələrlə bağlı mənasız və təhqiredici tvitlər göndərməyə vaxt sərf edincə, onun öz ölkəsində hər gün onlarla insanın qətlə yetirilməsi və milyonlarla evsiz və ac insanın mövcudluğu kimi daxili məsələlərə diqqət yetirməsi daha yaxşı olardı” - deyə İran XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, Tramp Twitter səhifəsində ABŞ-ın İranda baş verən hadisələri izlədiyi ilə bağlı yeni şərh yazıb. “İran xalqı nəhayət qəddar və korrupsioner İran rejiminə qarşı hərəkətə keçib. Prezident Obamanın düşüncəsiz şəkildə verdiyi pulların hamısı terrorizmə və onların ciblərinə gedib. İnsanların yeməyi azdır, inflyasiya böyükdür və insan hüquqları yoxdur. ABŞ izləyir!”, - Tramp yazıb.