ABŞ prezidenti Donald Tramp yeni ilin ikinci günündə İrandakı nümayişlərlə bağlı sərt danışıb və "ABŞ-ın gözü üzərinizdə!" xəbərdarlığı edib.
Baki-xeber.com-un xəbərinə görə, ABŞ prezidenti özünün Twitter hesabında "İran xalqı nəhayət vəhşi və satqın İran rejiminə qarşı hərəkətə keçdi. Prezident Obamanın çox axmaq bir şəkildə verdiyi pul terrora və bəzilərinin ciblərinə getdi. Bu ölkədə yemək az, inflyasiya yüksək, insan haqları isə mövcud deyil. ABŞ-ın gözü üzərinizdədir!" sözlərini yazıb.
Qeyd edək ki, İranda son günlər hökumət əleyhinə keçirilən nümayişlərdə təhlükəsizlik gücləri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalarda həyatını itirənlərin sayının 21-ə yüksəldiyi təxmin edilir. İran dini lideri Ayətullah Xamneyi "düşmənlərin pul, silah və asus gücünə ölkədə qarışıqlıq yaratdığını deyib və "Düşmən hər zaman bir yerdən sızıb İran xalqını vuracaq fürsət axtarır" deyə bildirib.
Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Hadisələr nəticəsində 450 nəfərin saxlandığı xəbər verilir.