Prezident Donald Tramp Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etdikdən üç həftə sonra Birləşmiş Ştatlardan nümunə götürmək qərarına gələn ölkə tapılıb. "The Independent" yazır ki, bu, Mərkəzi Amerikada yerləşən Qvatemaladır.
Qvatemala ötən həftə BMT Baş Assambleyasında keçirilmiş səsvermədə Trampın qərarını dəstəkləyən 9 ölkədən biri olmuşdu. 138 ölkə Qüdsün İsrailin paytaxtı olması qərarının əleyhinə səs vermiş, daha 35 ölkə səsvermə zamanı bitərəf qalmışdı.
Qvatemala prezidenti Cimmi Morales özünün Facebook səhifəsində yazıb ki, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətindən sonra ölkəsinin səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün Qvatemala Xarici İşlər Naziriliyinə sərəncam verib.
Qvatemala prezidenti Tvitterdə yazıb ki, onun ölkəsi ilə İsrail arasında əla münasibətlər mövcuddur.
"Ən əsas məsələ Qvatemala səfirliyinin Yerusəlimə qaytarılmasıdır. Mən maliyyə nazirinə bu dəyişikliklə bağlı işlərin əlaqələndirilməsini tapşırmışam" –C.Morales yazıb.
BMT Baş Assambleyasında qəbul edilmiş qətnamə Qüdsü İsrailin paytaxtı kimi tanıyan bütün qərarları "qüvvəsiz və etibarsız" elan edir. 128-9 nisbətində səsvermə fələstinlilər üçün böyük qələbə sayılır, lakin hər halda onların proqnozlaşdırdığı və ümid etdikləri qədər dəstək deyil.
Məqalədə deyilir ki, bu səsvermədən əvvəl ABŞ prezidenti Donald Tramp onun Qüds qərarına qarşı səs verəcək ölkələrə ABŞ maliyyə yardımını dayandıracağı ilə hədələmişdi. Qvatemala isə ABŞ-ın maliyyə yardımlarından son dərəcə asılı bir ölkədir.