BMT-nin insan hüquqları müdafiəçiləri İrandan İsrailə casusluqda ittiham olunan İran vətəndaşı, İsveç sakini Dr. Əhmədrezi Cəlaliyə qarşı ölüm hökmünü ləğv etməyə çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, ekspertlər alim həkim üzərində məhkəmə prosesinin kobud qanun pozuntuları ilə keçdiyini düşünür. Xəbərə görə, həkim ötən ilin aprelində İrana səfəri zamanı həbs olunub. Bütün əlaqələrdən məhrum edilən həkimin vəkil xidməti təklif edilmədən və məhkəmə hökmü olmadan 10 ay həbsdə saxlandığı, işgəncə təhdidlərilə “günahının etiraf etdirildiyi” bildirilir.
Oktyabrın 21-də məhkəmə onun barəsində edam hökmü çıxarıb, Ali instansiya məhkəməsi isə həmin hökmü qüvvədə saxlayıb. Dekabrın 17də İran milli televiziyası həkimin etiraf süjetini yayımlayıb. Lakin ekspertlər həmin etirafın təhdid altında edildiyi qənaətindədir. BMT-nin işçi qrupu isə onun həbsini qanunsuz sayıb və bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
BMT-nin müraciətinə cavab olaraq İran tərəfi bildirib ki, artıq Cəlalinin ailəsi ilə görüşünə icazə verilib və telefon haqqı təmin olunub.