Xəbər verildiyi kimi, ABŞ-ın Qüdsü İsrail paytaxtı olaraq tanıması qərarının ardından İstanbulda toplanan İslam Əməkdaşlıq Təşkilatı Qüdsü Fələstinin paytaxtı elan edib.
Bu qərara beynəlxalq ictimaiyyətdən dəstək mesajları ilə yanaşı HƏMAS-dan bir yazılı açıqlama da gəlib. İsraili açıq şəkildə təhdid edən HƏMAS-ın şərhində "İsrailin Fələstin xalqına qarşı edilənlərin qarşılığının alınması tarixinə yaxınlaşdığı və onların müqəddəs hücumları ilə qarşılaşacaqları" deyilir. 30 illik yubileyini qeyd edən HƏMAS-ın açıqlamasında "Qüds Fələstinin əbədi paytaxtıdır, güneyi-quzeyi yoxdur, tamamı ərəblərin və İslamındır" ifadəsi yer alıb. HƏMAS-ın İzzəddin əl-Qəsəm briqadalarının hərbi qanadı isə Qəzzada hərbi parad keçirib. Paradda onlar müxtəlif ağır avtomat silahlar, zireh dələn raket atıcıları, həmçinin əvvəllər Qəzzada elan etdikləri snayper tüfənglərini nümayiş etdiriblər.
Bu arada, İstanbul Zirvəsinin ardından gecə saatlarında Qəzzadan İsrailə raket atılıb. Raket İsrailin Dəmir Qübbə müdafiə sistemi ilə zərərsiz hala gətirilib. Buna cavab olaraq, İsrail Qəzzada üç HƏMAS hədəfini vurub. Bu yerlərin HƏMAS-ın silah depoları və təlim mərkəzləri olduğu bildirilir. Bütün baş verənlər isə regionda əslində heç zaman nəticə verməyən sülh prosesinin daha uzun müddətə təxirə salındığından xəbər verir.
SAMİRƏ