Ərəb ölkələrinin xarici işlər nazirləri ABŞ-dan Qüdslə bağlı məlum qərarını geri çəkməyi tələb edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Associated Press” agentliyi xəbər yayıb. Xəbərə görə, tələbnamə sənədində sözügedən qərar “ölümcül” adlandırılaraq, Vaşinqtonun “işğalçı ilə eyni pillədə” durması kəskin qınanır.
Bundan əlavə, XİN başçıları BMT Təhlükəsizlik Şurasını ABŞ prezidenti Donald Trampı qınayan qətnamə qəbul etməyə çağırıb. Sənəd müəllifləri, eyni zamanda, ABŞ-ın öz qərarına veto qoyacağına ümidlərini də ifadə ediblər. Fələstinin XİN başçısı Riyad əl-Maliki deyib ki, BMT TŞ qətnamə qəbul etməzsə, ərəb ölkələri BMT Baş Assambleyasından qətnamə qəbulu tələb edəcək.
Qeyd edək ki, ərəb ölkələrinin XİN başçıları Qüds qərarının müzakirəsi üçün dekabrın 9-da Qahirədə bir araya gəliblər. Agentliyin xəbərinə görə, Ərəb Ölkələri Liqasının üzvləri Vaşinqtona qarşı sanksiyaların tətbiqinə çağırsalar da, səs çoxluğu qazana bilməyiblər və XİN başçılarının qəbul etdiyi qətnamədə ABŞ-la bağlı hər hansı məhdudlaşdırıcı fəaliyyət nəzərdə tutulmur.