Fələstin dövlət başçısı Mahmud Abbas ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Mahmud Abbasın siyasi məsləhətçisi Majdi Haldin açıqlama verib.
Onun sözlərinə görə, M.Abbas, ABŞ-ın mübahisəli Qüds qərarından sonra Maykl Penslə görüşməyi rədd edib: “...çünki ABŞ Qüdsdə qırmızı xəttləri keçdi".
Bundan əvvəl ABŞ Fələstini vitse-prezidentlə danışıqları ləğv etməməyə çağırıb. Rəsmi Vaşinqton bunun danışıqların "zərərinə" ola biləcəyini vurğulayıb. Ağ Ev bildirib ki, vitse-prezident "hələ də Mahmud Abbas və digər Fələstin liderləri ilə görüşmək niyyətindədir və görüşün ləğvi ilə bağlı hər hansı qərar səmərəsiz olardı".
ABŞ vitse-prezidenti Mike Pence bu ayın ortalarında Fələstinlə yanaşı İsrail və Misirə də səfər etməlidir. Ancaq Misirdə Koptik Pravoslav Kilsəsinin patriarxı da məsələni Penslə müzakirə etməkdən imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, prezident Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İsrail ordusu ilə fələstinli aksiyaçılar arasında toqquşmalar başlayıb. Bugunə qədər 4 fələstinlinin öldürüldüyü bildirilir.