Ağ Ev Trampın Qüdsün paytaxt olaraq tanınmasında qərarlı olduğunu və Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə daşınması üçün hazırlıqlara başlanmasına təlimat verəcəyini açıqlayıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin üç yüksək rəsmisi telekonfrans yolu ilə qatıldığı gündəlik brifinqdə bildirib. Adları açıqlanmayan rəsmilərin sözlərinə görə, Tramp Qüdsün tarixi paytaxt olduğunu qəbul edir və İsrailin bir çox idarəedici orqanları da məhz burada yerləşir. Lakin bununla belə, Ağ Ev rəsmisi deyib ki, səfirliyin köçürülməsi illərlə uzana bilər, çünki burada çalışanların sayı mini ötür, onların yerləşdirilməsi isə zaman alacaq. Yetkili onu da deyib ki, bu qərar ABŞ-ın İsrail və Fələstinlə bağlı yürütdüyü siyasətdə bir dəyişiklik olacağı anlamına gəlmir. Adı açıqlanmayan digər yetkili isə Trampın iki dövlət arasında barışın əldə olunacağına ümidli olduğunu bildirib. O, Qüdsdəki bəzi bəlli ərazilərin hələ də “işğal edilmiş Fələstin torpaqları” olaraq dəyərləndirildiyini bildirərək, ABŞ prezidentinin son qərarının bu yöndə bir dəyişiklik nəzərdə tutmadığını, bu məsələdə müzakirələrin davam edəcəyini qeyd edib.
Xatırladaq ki, daha öncə Ağ Evin mətbuat sözçüsü Sarah Sanders Trampın səfirliyin Qüdsə daşınması ilə bağlı qərarını bu gün açıqlayacağını bəyan etmişdi.