Gürcüstanın keçmiş prezidenti, Ukraynada Yeni Qüvvələrin Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili onun evini axtarışa gələn polislərə etiraz olaraq, yaşadığı binanın damına çıxıb və özünü atacağını bildirib. APA-nın məlumatına görə, bu barədə Ukraynanın “1+1” telekanalı xəbər yayıb.
Sabiq qubernator axtarışlara etiraz olaraq 8 mərtəbəli binanın damına doğru qaçmaqla polisi özünü öldürəcəyi ilə hədələyib.
Bildirilir ki, M. Saakaşvili binanın damında hüquq-mühafizə orqanları əməkdaşları ilə danışıqlar aparıb. Siyasətçi bildirib ki, ona toxunsalar, özünü atacaq. Hadisə yerinə xilasedicilər və həkimlər gəlib.
Onun tərəfdaşı David Sakvaralidze bu gün səhər bəyan edib ki, naməlum şəxslər Saakaşvilinin yaşadığı mənzildə axtarış aparmağa cəhd edirlər.
Sonradan Saakaşvili Kiyevdə saxlanılıb. Bu barədə M. Saakaşvilinin “facebook” səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar.
M.Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.
Bir neçə saat sonra isə M.Saakaşvili azadlığa çıxıb. Belə ki, tərəfdarları güc strukturlarına məxsus mikroavtobusun arxa qapısını qıraraq siyasətçini azad ediblər. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.
Öz növbəsində, M.Saakaşvili onu əhatəyə alaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarından qoruyan tərəfdarlarını Maydana toplaşmağa və dinc etirazı davam etdirməyə çağırıb.
“Mən Ukraynanın azadlığı və oliqarxlardan azad olunması üçün öz həyatımı ortaya qoyacağam”. APA-nın məlumatına görə, bunu Saakaşvili deyib.
M. Saakaşvili “Facebook” vasitəsilə canlı yayımda bütün kiyevliləri küçəyə çıxmağa çağırıb: “Sizi Maydana toplaşmağa və Ukraynanı Pyotr Poroşenko və onun dəstəsindən azad etmək prosesinə başlamağa çağırıram. Heç nədən qorxmayın. Biz milyonlarlayıq. Polis onları sevmir. Ordu bizim tərəfdədir”.
Baki-xeber.com