Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdslə bağlı ABŞ-a xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə, Ərdoğan deyib ki, Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıması Türkiyə ilə İsrail arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi yaxın günlərdə Qüdsü israilin paytaxtı olaraq tanıyıb-tanımadıqları ilə bağlı açıqlama verəcəklərini bildirib. Bunun ardınca isə Fələstin tərəfi və bir sıra Yaxın Şərq ölkələri, deyilənlər baş verərsə, bunun regionda stabilliyin kəskin pozulmasına, hətta Ərəb dünyası ilə İsrail arasında konfliktin qızışmasına səbəb olacağını bəyan edib.
Ərdoğan isə AKP-nin parlament fraksiyasının iclasında çıxışında deyib ki, Qüds müsəlmanlar üçün qırmızı xətdir və onun keçilməsi bütün insanlıq üçün təhdiddir. Türkiyə lideri bu məsələdə sona qədər gediləcəyini bildirib və qeyd edib ki, Qüds İsrailin paytaxtı olaraq tanınarsa, yaxın 5-10 gün ərzində İslam Əməkdaşlığı Təşkilatının liderləri İstanbulda toplaşacaq və bütün müsəlman dünyası üçün hərəkat başladacaq.
Xatırladaq ki, ABŞ Konqresi 1995-ci ildə İsrail paytaxtının Təl-Əvivdən Qüdsə keçirilməsi ilə bağlı qanun qəbul edib. Lakin şəhərin statusu bugünə kimi mübahisəli olaraq qaldığından və Ərəb-müsəlman dünyası ilə münasibətlərin həssas olması üzündən, Tramp da daxil olmaqla, bütün ABŞ prezidentləri hər il bu qanunun tətbiqini ləngidən sənəd imzalayır. İsrail isə Qüdsü özünün “yeganə və bölünməz” paytaxtı adlandırır. Üstəlik, yarım əsr öncə İordaniyanın əlindən alınmış şərq rayonlarını və tarixi mərkəzinin də Qüdsün ayrılmaz hissəsi olduğunu bəyan edir. Halbuki, dünya bu işğal faktı ilə barışmır və Yaxın Şərqin ən ağrılı problemi sayılan bu məsələnin həmin ərazilərə iddia edən Fələstinlə razılıq əsasında yoluna qoyulmalı olduğunu bildirir. Elə bu açılmaz düyün səbəbindən də bütün xarici ölkə səfirlikləri Təl-Əvivdə yerləşir.