ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn çıxarıldığı məhkəmədə Federal Təhqiqatlar Bürosuna (FBI) yalan ifadə verdiyinə görə, günahkar olduğunu etiraf edib.
Baki-xeber.com xəbər verir ki, M.Flinn Rusiyanın ABŞ-dakı səfiri ilə əlaqələri haqda federal təhqiqatçılara yalan ifadə vermək ittihamı ilə çıxarıldığı məhkəmədə, Rusiya ilə şəxsən Trampın istəyilə təmas qurduğunu etiraf edib.
M.Flinn etiraf edib ki, keçən il Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna “bilərəkdən yalan, uydurma və saxta” ifadə verib. Məhkəmə sənədi göstərir ki, Flinn ilə Rusiya səfiri Sergey Kislyak arasında görüşdə əsas diqqət o zamankı prezident Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara yönəlib.
O, məhkəmədə Trampın istəyilə Rusiya ilə təmas qurduğunu deyib.
Flinin günahını tanıması onun Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsi və Tramp kampaniyası ilə əlaqələri araşdıran xüsusi müstəntiq Robert Mullerin təhqiqat qrupu ilə əməkdaşlıq etməsinin növbəti göstəricisidir.
Təqaüddə olan 58 yaşlı ordu generalını yalan ifadəyə görə, 5 il həbs və ya 9 min 500 dollar pul cəzası gözləyir.
Ağ Evin vəkilləri isə M.Flinnin Trampla bağlı ifadələrini təkzib edir.
Qeyd edək ki, Flinn, onun Rusiya səfiri ilə münasibətləri haqda səslənən ittihamlardan sonra Tramp administrasiyasının fəaliyyətə başlamasından iki ay keçməmiş istefa vermək məcburiyyətində qalmışdı.