ABŞ BMT-nin köməyilə KXDR-in nüvə probleminin yoluna qoyulması yönündə “yorulmadan” fəaliyyət göstərəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis Liviyanın Baş naziri Faiz Saracla görüş öncəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsi bundan sonra da bu yöndə “bütün diplomatik gücündən istifadə edəcək” və bu, Pxenyanın nüvə proqramından əl çəkdiyinə əmin olunana qədər davam edəcək.
“Biz işimizi BMT Təhlükəsizlik Şurası vasitəsilə davam etdirəcəyik və bu yoldan dönməyəcəyik”- Pentaqon rəhbəri deyib. Onun sözlərinə görə, eyni zamanda ABŞ diplimatları da güc tətbiqi mövqeyindən çıxış edəcək, çünki bu məsələnin hərbi çözüm variantı da var.
Xatırladaq ki, həftənin əvvəlində Pxenyan növbəti qitələrarası ballistik raketin sınağını keçirib. Olaya münasibət bildirən Pentaqon rəhbəri deyib ki, Pxenyan nəinki regionu, hətta planeti təhdid edən silahın hazırlanmasına cəhdlər edir və bu yolverilməzdir.