BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın növbəti raket sınağı ilə bağlı çağırılmış fövqəladə iclasında Pxenyana ciddi xəbərdarlıq olunub.
Baki-xeber.com-un xəbərinə görə, ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Nikki Heyli, müharibə baş verərsə, KXDR rejiminin “tamamilə məhv ediləcəyini” bildirib. “Reuters”-in xəbərinə görə, o deyib ki, ölkəsi heç zaman Şimali Koreya ilə müharibə istəməyib, indi də istəmir. Lakin onun günahı üzündən regionda müharibə başlayarsa, bu, rejimin sonu olacaq.
Bundan əlavə, Abş-ın daimi nümayəndəsi BMT üzvü ölkələrə Pxenyanla hərbi, elmi, texniki və iqtisadi əlaqələri kəsməklə bağlı çağırış edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da, öz növbəsində, KXDR-in ballistik raket sınağı keçirməsindən təəssüfünü bildirib. Lakin bununla belə o, ABŞ, Cənubi Koreya və Şimali Koreyanı bir-birini provokasiyaya çəkməməyə çağırıb.