Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra xorvat general Slobodan Pralyak zəhər içib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən S. Pralyak hakimə zəhər qəbul etdiyini bildirib.
S. Pralyak məhkəmənin qərarından sonra stəkandakı mayeni içib və daha sonra bildirib: “Zəhər içdim. Mən günahkar deyiləm, hökmə etiraz edirəm”.
Vəkili stəkanda zəhər olduğunu təsdiqləyib. Hakim dərhal məhkəmədə fasilə elan edib, salona həkim çağırılıb. Sonradan isə Xorvatiya dövlət televiziyası S. Pralyakın öldüyünü bəyan edib.
Qeyd edək ki, S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Baki-xeber.com