Rusiya yaratdığı, tərkibi əsasən Orta Asiyada (Qırğızıstan və Tacikistan) yaşayan türklərdən ibarət olan Turan batalyonunu Suriyaya göndərib.
Baki-xeber.com xəbər verir ki, xüsusi təlim keçmiş əsgərlərdən ibarət Orta Asiyadan olan batalyonunun üzvləri Suriyanın şimalında Deyr ez Zor şəhərində İŞİD-ə qarşı döyüşür.
Muzdlu əsgərlərdən formalaşan batalyon əsasən qazax, yakut, qırğız, özbək, tacik, azərbaycanlı və türkmənlərdən ibarətdir. Turan batalyonunun təxminən 800-1200 əsgərinin olduğu bildirilir. Batalyon əsgərləri arasında "spetnatzlar" (Rusiya xüsusi təyinatlıları) da var.
Bundan başqa, birliyə qatılan keçmiş əsgərlər təxminən 8 ay xüsusi təlimlərdən keçirlər.
Rusiya mətbuatı, əsgərləri 30-50 yaş arasında olan müsəlmanlardan ibarət Turan batalyonunun İŞİD-ə qarşı mübarizədə böyük rol oynadığını yazır.
Batalyonun əsgərlərinin qollarında mavi, qırmızı və qara parçada Turan yazısı, silah tutan əl, bir silah və 3 dairədən ibarət simvol var. Silah simvolunun üzərində Timur Xana aid olduğu iddia edilən “Dürüstlük namusdur” yazısı, üç dairə ilə isə 1370-1507-ci illərdə yaşayan Timur imperiyasının bayrağına işarə edildiyi bildirilir.