Noyabrın 4-də Səudiyyə Ərəbistanında vəzifəsindən istefa verdiyini bəyan edən Saad Həriri 17 gün sonra ölkəsinə dönüb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Misirdəki görüşlərini tamamladıqdan sonra yunan Kiprinə üz tutan Həriri oradan Beyrutun Refik Həriri beynəlxalq Hava Limanına gedib. Onun ciddi təhlükəsizlik tədbirləri altında mərhum baş nazir Refik Həririnin məzarını ziyarət etdikdən sonra iqamətgahına keçəcəyi açıqlanıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında açıqladığı istefa qərarının ardından kral Salman bin Əbdüləzizlə görüşən Həriri daha sonra BƏƏ və Fransa ilə də təmaslar qurmuşdu. Ardınca onun Qahirədə Misir prezidenti Əbdülfəttah əl-Sisi ilə də görüşdüyü, bundan sonra isə yunan Kiprinə gedərək Rum hökumətilə görüşdüyü xəbər verilir.
Onu da bildirək ki, Saad Həriri istefa çıxışında “Hizbullah” və İranın regionu təhdid altında saxladığını bildirərək, özünə qarşı sui-qəsd törədilə biləcəyindən narahatlığını dilə gətirmişdi. Livanın hazırkı prezidenti Mişel Avn isə Həririnin istefasına münasibət bildirərkən qeyd etmişdi ki, Həriri ölkəsinə dönüb həmin qərarının səbəblərini açıqlamayınsa onun istefa tələbi keçərli deyil. Həriri isə Riyadda qatıldığı bir televiziya proqramında tezliklə ölkəsinə dönərək hər şeyə aydınlıq gətirəcəyini bildirmiş, sosial şəbəkədə isə durumunun yaxşı olduğunu yazmışdı.