NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.
APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib.
Trend-in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki,Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb. Dövlət başçısı qeyd edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".
R.T.Ərdoğan Türkiyə hakimiyyətinin bu qərarı dəstəklədiyini bildirib: "Ankara həmin stend götürülsə belə, bu qərarına yenidən baxmayacaq".
NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib.
Baki-xeber.com